Ançelotti: “Çempionlar Liqasını bu dörd klubdan biri qazanacaq…”

“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti güman etdiyi dörd klubdan birinin UEFA Çempionlar Liqasını qazana biləcəyi fikrindədir.

Arena.az bu barədə “Madrid Universal” dərgisinə istinadən məlumat verir.

“Çempionlar Liqasını qazanmaqda favoritlərim? “Real”, “Barselona”, “Mançester Siti” və “Bayern”, deyə italyan mütəxəssis qısa əminliklə fikrini bildirib.

Xatırladaq ki, “Real” Çempionlar Liqasının müasir adı və buna qədər Çempionlar Kuboku adı altında keçirilmiş və mahiyyətcə eyniyyət təşkil edən qitənin ən mötəbər turnirində 14 dəfə qalib olub. “Kral klubu” müvafiq göstəricidə mütləq rekordun sahibidir. Çempionlar Liqasında “Milan”ın 7, “Bayern” və “Liverpul”un 6, “Barselona”nın isə 5 qalibiyyəti var.

Turnirin cari çempionu isə “Mançester Siti”dir.

Karlo Ançelotti 2021-ci ildən “Real”ı çalışdırır. İtalyan mütəxəssis buna qədər “Everton”da işləyirdi. Ançelotti “Real”a qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.

Hazırda “Papa Karlo”nun rəhbərliyi altında “qaymaqlılar” 9 turdan sonra 24 xalla La Liqanın turnir cədvəlində liderdirlər.