Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti Madrid “Real”ının hücumçusu Vinisius Juniora dəstəyini ifadə edib.
Arena.az xəbər verir ki, italiyalı mütəxəssis 26 yaşlı futbolçunun mövsümün əvvəlində yaşadığı forma enişinin onun Vinisiusa münasibətinə təsir etmədiyini bildirib:
“Bəlkə də hazırda o, ən yaxşı formasında deyil. Lakin Vinisiusun sinfi mübahisəsizdir. Yaxınlarda keçirilən dünya çempionatında necə möhtəşəm oyun nümayiş etdirdiyini xatırlamaq kifayətdir.
Aşkar bir məqamı başa düşmək lazımdır: planetdə heç bir futbolçu daim və enişsiz şəkildə ən yaxşı formasını göstərə bilməz. O, möhtəşəm futbolçudur və hazırda dünyanın ən yaxşı oyunçularından biridir. Tam əminəm ki, yaxın oyunlarda yenidən ən yüksək səviyyəsinə qayıdacaq. Ona etimadım tamdır”, – deyə Ançelotti bildirib.
Qeyd edək ki, Vinisius Junior İspaniya çempionatındakı uğursuz statistikası səbəbindən ciddi tənqidlərə məruz qalıb. Braziliyalı futbolçu cari mövsümdə “Real”ın heyətində bütün turnirlərdə 8 rəsmi oyuna çıxıb və cəmi 1 qol vurub. Vinisius son 6 qarşılaşmada isə rəqib qapılarına yol tapa bilməyib.


