“Real” baş məşqçisi Karlo Ançelotti Xavinin qovulacağı haqda şayiələr mənzərəsində “Barselona”nın çalışdırıcısını müdafiə edib.
Arena.az bu barədə “Madrid Universal” dərgisinə istinadən məlumat verir:
“Xavini tənqid edirsiniz? Bunu etmənin qətiyyən mənası yoxdur. Xavi də mənim kimi futbolu yaxşı bilir və tənqidlərə də məruz qalır. Bəzən bu baş verir, amma Xavi bu vəziyyəti idarə etmək təcrübəsinə malikdir. O, “Barselona” sistemini çox yaxşı bilir və düşünürəm ki, o, hər şeyi təkmilləşdirmək üçün bütün resurslara malikdir”, deyə Ançelotti bildirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda “Barselona”nın futbolçularının Xaviyə güvənci dayandırmaları və gənc çalışdırıcının məşqçilik ideyalarını qəbul etmədikləri barədə məlumatlar yayılmışdı. Hətta Xavinin yerinə “Las-Palmas”ın çalışdırıcısı Qarsiya Pimentanın gətiriləcəyi haqda söz-söhbət dolaşır.
Yayılmış şayiələr haqda Xavi və “Barselona” tərəfindən rəsmi açıqlama verilməyib.
Xavi Ernandes “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. Mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandaya Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.
Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçinin 24 ili “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il “Barselona”nın əsas komandasında çıxış edib.
Hazırda Xavinin yetirmələri La Liqada 14 turdan 31 xalla 4-cü pillədə qərarlaşıblar və lider “Real”dan 4 xal geridədirlər.


