Andrea Bertolaççi Türkiyədə qaldı

Futbol üzrə İtaliya milli komandasının sabiq yarımmüdafiəçisi Andrea Bertolaççi yenidən Türkiyəyə qayıdıb. Arena.az xəbər verir ki, o, bundan sonra Super Liqa təmsilçisi “Fatih Karagümrük”ün uğurları üçün çalışacaq.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, bu, Bertolaççinin “Fatih Karagümrük”ə ikinci gəlişidir. O, 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarına qədər məhz İstanbul təmsilçisinin uğurları üçün çalışıb. Ötən mövsümün qış fasiləsində bu klubdan ayrılaraq “Kayserispor”la müqavilə bağlamış italiyalı yarımmüdafiəçi, bu ayın əvvəlində Kayseri təmsilçisi ilə müqaviləsinə təktərəfli xitam vermişdi. Bu üzdən də o, azad agent statusuna malik idi. Bertolaççi “Kayserispor”da 22 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Onun “Fatih Karagümrük” karyerası isə 37 oyun, 9 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Andrea Bertolaççi İtaliyanın “Roma” klubunun yetirməsidir. Yarımmüdafiəçi “Leççe”, “Cenoa”, “Milan” və “Sampdoriya”da da forma geyinib. O, İtaliya yığmasında 5 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: