“Betis”də icarə əsasında çıxış edən, “Mançester Yunayted”in braziliyalı hücumçusu Antoni maraqlı açıqlaması ilə diqqət çəkib.
Arena.az ESPN şəbəkəsinin Braziliya şöbəsinə istinadən məlumat verir ki, o, şəxsi həyatındakı fəsad və çətinliklərin ona, “qırmızı şeytanlar”ın heyətində özünü yaxşı tərəfdən göstərməyə maneə yaratdığını etiraf edib:
“Şəxsi həyatım mənə çox mane olurdu, yaşadığımı yaşadım. Bunun mənə xoş gəlib-gəlməməsindən asılı olmayaraq, bu, mənə güclü təsir göstərdi. Öz imkanlarıma bələdəm – dünya çempionatına əbəs yerə yollanmamışam, məni “Mançester Yunayted”ə böyük pullar müqabilində əbəs yerə satmayıblar, mən, dəyərimi bilirəm. İnsanlar məyyən məqamları görürlər, ümumi mənzərəyə isə baxmırlar. “Mançester Yunayted”də mənim həm yaxşı və həm də pis anlarım olub, ancaq mən daha da artığını edə və daha da yaxşı çıxış edə bilərdim”, deyə braziliyalı futbolçu vurğulayıb.
Vurğulayaq ki, “Betis”ə keçidi ilə Antoni oyun keyfiyyətini yüksəldib, qol ayağını açıb. O, cari mövsümün sonuna – 2025-ci ilin iyun ayının sonuna qədər bu komandada çıxış edəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Antoni “San Paulo”nun yetirməsidir. Braziliyalı hücumçu 2022-ci ilin avqust ayında “Ayaks”dan 95 milyon avro məbləğ müqabilində “Mançester Yunayted”ə keçib. Antoninin “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Antoni cari mövsümün birinci yarısında “Mançester Yunayted”in heyətində 14 oyuna çıxıb, 1 qol vurub. Hücumçunun İngiltərə nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 96 oyun, 12 qol və 5 məhsuldar ötürmədən ibarətdir.
“Betis”in heyətində isə brazilyalı hücumçu 17 oyuna 5 qol və 4 məhsudlar öyürmə ilə fərqlənib.
Antoni “qırmızı şeytanlar”la İngiltərə Kubokunun (2024) və İngiltərə Liqa Kubokunun (2023) qalibi olub.
Antoni 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 16 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Antoni “selesao” ilə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
“Transfermarkt” internet-portalı 25 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


