“Araz-Naxçıvan” 2024-cü ilin ilk transferini rəsmiləşdirdi

Futzal üzrə Azərbaycan çempionu, cari mövsümün də lideri olan “Araz-Naxçıvan” 2024-cü ildə ilk transferini rəsmiləşdirib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Naxçıvan klubu braziliyalı futzalçı ilə anlaşıb. Andrezinyo ləqəbli 26 yaşlı Andre Korrea dos Santos Junior mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Buna qədər vətənində “Sao Lorenso”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarında çıxış edən hücumameyilli futzalçı yanvarın 11-də Bakıya gələcək. O, ertəsi gün yeni komandası ilə məşqlərə başlayacaq.

Xatırladaq ki, Yüksək Liqanın liderini dekabrda Eriko Dannilo, Xətai Bağırov və İsa Atayev tərk edib. Daha doğrusu, Eriklə başa çatan müqavilənin müddəti uzadılmayıb. Bağırov və Atayev isə xarici klubdan dəvət alıb.

“Araz-Naxçıvan” bu mövsüm Yüksək Liqada geridə qalmış 10 turdan sonra 25 xalla vahid liderdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: