“Araz Saatlı” bu qış başqa transfer etməyəcək

Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan debütant “Araz Saatlı” qış hazırlıq prosesini yekunlaşdırmaq üzrədir.

“Pambıqçılar”ın sözçüsü Kamal Rza ilə əlaqə saxlayıb komandanın hazırkı vəziyyətini öyrəndik.

Klub rəsmisi Arena.az-a açıqlamasında komandanın mövsümün qalan hissəsinə hazırlığı barədə bunları söyləyib:

“Komandamızda vəziyyət yaxşıdır. “Araz Saatlı” qış transfer dönəmində 8 futbolçu ilə güclənib. Komandamız mövsümün ikinci yarısına tam gücü ilə hazırlaşır. Transferin son günlərində böyük ehtimalla hər hansı futbolçu ilə müqabilə imzalamayacağıq. Baş məşqçinin istəyinə uyğun oyunçular komandaya cəlb edilib. Əsas problemimiz hava şəraitinə görə yoxlama matçları keçirə bilməməyimizdir. Əvvəlcə, “Şamaxı”, daha sonra “İmişli” ilə matçlar qar səbəbindən təxirə salındı. Yeni futbolçular məşqlər zamanı dəridən-qabıqdan çıxırlar. Özlərini baş məşqçiyə yaxşı tərəfdən göstərirlər. Oyun təcrübəsinə görə müəyyən problemlər yaşaya bilərik. İlk rəsmi matçımız Şamaxıda “Difai”yə qarşı olacaq. Həmin oyuna kimi iki yoxlama matçımız olacaq”.

Xatırladaq ki, Saatlı təmsilçisi 2023/2024 mövsümünün geridə qalmış hissəsində cəmi 3 xal toplayıb və Birinci Liqanın turnir cədvəlində sonuncu – 10-cu pillədə qərarlaşıb.

Nahid Məmmədov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: