Argentina yığmasının futbolçuları Fransa milli komandasının ünvanına irqi nəğmə səsləndirməklə böyük qalmaqal yaradıblar.
Arena.az məlumat verir ki, yolverilməz hadisə Amerika Birləşmiş Ştatlarında keçirilmiş 2024-cü il Amerika Kubokunun Argentina və Kolumbiya yığmaları arasında baş tutmuş final oyunundan (əlavə vaxtda 1:0) sonra baş verib.
Argentina yığmasının yarımmüdafiəçisi Entso Fernandesin sosial şəbəkədə öz canlı yayımından bir parçada argentinalıların irqi sözləri olan nəğmə oxuduğu aydın görünür. Hadisə Argentina yığmasının avtobusunda, “albiseleste”nin Amerika Kubokunu qazanması münasibətilə zəfər şənliyində yaşanıb. Fernandes nəğmə səslənərkən bunun nəyə işarə olduğunu və hara gedib çıxacağını analayaraq, yayımını dayandırıb. Amma artıq iş-işdən keçib.
Nəğmə isə biabırçılıqdan ibarətdir, belə ki, bunu mətbuat səhifələrində olduğu kimi yazmağın ədəb-ərkandan uzaq olduğunu nəzərə alaraq, anlamağı oxucuların ixtiyarına buraxırıq. Argentina yığmasının üzvlərinin biabırçı irqi nəğməsində bu sözlər səslənir:
“Onlar Fransa üçün oynayırlar, amma hamısı Anqoladandırlar,
Və onlar transgenderləri …., lənətə gəlmiş Mbappe kimi…” – nəğmənin sözlərində açıq-aşkar tərbiyəsizliklə deyilir.
Xatırladaq ki, Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatında Fransa yığması yarımfinalda gələcək çempion İspaniya millisinə 1:2 hesabı ilə məğlub olaraq, mübarizəsini dayandırıb.
Hadisənin böyük əks-səda doğurduğu vurğulanır. Sosial şəbəkələrdə isə “xoruzlar”ın azarkeşləri “albiseleste”nin bu biabırçılığa yol vermiş kollektivini iqçilikdə, əxlaqsızlıqda və ləyaqətsizlikdə ittiham ediblər. Hırıldaya-hırıldaya əxlaqsız mənzərədən canlı yayım açımış səbəbkar Entso Fernandesin sosial şəbəkərlədə o ki var söyülməsi mənzrəsəndə, Fransa nəşrlərindən biri “Kapitan Messi hara baxırdı?” sualı ilə bu biabırçılığa münasibətini açıqlayıb.
FFF şikayət etdi, Argentina Futbol Federasiyasını cəza gözləyir
Bu arada “RMC Sport” dərgisi, məsələyə Fransa Futbol Federasiyasının (FFF) müdaxilə etdiyini yazır. Fransanın ali futbol qurumu Argentina Futbol Assosiasiyasına (AFA) etiraz məktubu ünvanlayıb və bu biabırçılığa baxılması üçün FIFA-ya şikayət ərizəsi verməyə hazırlaşır.
Xatırladaq ki, bu nəğmənin kökü DÇ-2022-nin Argentina və Fransa yığmaları arasında keçirilmiş final oyunun ərəfəsinə gedib çıxır. O vaxt “albiseleste”nin azarkeşləri Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappenin transgender model İnes Rau ilə münasibətinə eyham vuraraq, bu iyrənc nəğməni düz-qoş etmişdilər.
Vurğulanır ki, bu hadisə nəticəsində Argentina yığmasının başı çox ağrıya bilər. Cərimə və cəzaların olacağı isə aşkardır.
Əlavə edək ki, Argentina yığmasının və argentinalı azarkeşlərin futbola yaraşmaz xuliqanlığı ilk hal deyil və Argentina Futbol Assosiasiyası müvafiq hallara görə dəfələrlə səs-küylü qalmaqallara cavab verməli olub.


