“Arsenal” diqqətdə saxladığı yarımmüdafiəçi Deklan Raysın transfer qiymətini onun məxsus olduğu “Vest Hem”lə razılaşdırıb.
Arena.az bu haqda “The Guardian”a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, futbolçunun transfer məbləği bonuslar da nəzərə alınmaqla 115 milyon avrodan çox olacaq.
“Topçular” Rays üçün təkliflərinin digərlərindən ən sərfəli olacağına əmindirlər. Raysa digər yüksən səviyyətli klublar, o cümlədən “Bayern” və “Mançester Yunayted” də maraq göstərir. Raysın özünə gəlincə, futbolçu İngiltərədə qalmaq istəyir ki, bu da “Arsenal”ın yarımmüdafiəçi ilə müqavilə bağlamaq şansını artırır.
2022/2023 mövsümündə Rays “Vest Hem”in heyətində 50 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Yarımmüdafiəçi Avropa Konfrans Liqasının qalibi olmaqla yanaşı, turnirin ən yaxşı oyunçusu seçilib.
Raysın “çəkicdöyənlər”lə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Maraq üçün qeyd edək ki, “Transfermarkt” internet-portalı Deklan Raysı 80 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Vest Hem” daha əvvəl Raysın bu yay klubu tərk edəcəyini bildirmişdi.


