İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, London təmsilçisi Portuqaliyanın “Portu” klubunun yarımmüdafiəçisi Fabio Vieyranı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Topçular” bu transfer üçün Portuqaliya klubuna 40 milyon avro ödəyəcək. Daha 5 milyon avro isə bonuslar şəklində veriləcək.
Fabio Vieyra “Portu”nun öz yetirməsidir. O, 2020-ci ildən klubun əsas komandasında forma geyinirdi. Yarımmüdafiəçi ötən mövsüm Portuqaliya çempionatında 27 oyuna çıxıb, 6 qol vurub və 14 məhsuldar ötürmə müəllifi olub. O, bu komandada bütövlükdə 75 matça çıxıb və 10 qola imza atıb. Futbolçu Portuqaliyanın U-21 yığmasında meydana çıxdığı 21 matçda 13 qol vurub.


