Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, yarışın 4-cü günündə Elis Manolova (65 kq) mübarizəyə qoşulub.
B qrupunda yer alan təmsilçimiz ilk görüşdə Avropa ikincisi Tatyana Rijkoya (Ukrayna) məğlub olub – 0:7. Elis qrupda sonuncu görüşünü estoniyalı Viktoriya Essoya qarşı keçirib və rəqibinə 6:3 hesabıyla qalib gəlib. Qrupda ikinci yeri tutan Manolova yarımfinala yüksəlib. Millimizin üzvü 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi Krişta İnçe (Rumıniya) ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdən minimal fərqlə (2:1) qalib gələn Elis 4-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Güləşçimiz qızıl medal uğrunda ukraynalı Tatyana Rijkoyla mübarizə aparacaq.
Qeyd edək ki, final aprelin 1-də axşam seansında keçiriləcək.
Bu gün, həmçinin digər qadın güləşçilərdən 50 kq-dakı Türkan Nəsirova və 59 kq-dakı Alyona Kolesnik bürünc medal uğrunda görüşə çıxacaq. Onlar müvafiq olaraq Anna Lukasyak (Polşa) və Elene Hayke Brugger (Almaniya) ilə görüşəcək.
Daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.
Avropa çempionatı aprelin 3-də başa çatacaq.


