Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, üçüncü yarış günündə qadınlardan ibarət millimizin 3 üzvü mübarizəyə qoşulub.
Şəhanə Nəzərova (50 kq) 1/4 finalda Şimali Makedoniya təmsilçisi Mariya Spirkovskaya elə ilk hissədə tam üstünlüklə qalib gəlib – 13:2. Həmyerlimiz yarımfinalda macar Şimonetta Şekerlə qarşılaşıb və məğlubiyyətdən qaça bilməyib – 0:8. Nəzərova bürünc medal üçün güləşəcək. Rəqib Liza Ersel (Almaniya) – Mariya Leorda (Moldova) görüşünün qalibi olacaq.
Elnurə Məmmədova (55 kq) 1/4 finalda slovakiyalı Mariya Martinçuku məğlub etməkdə çətinlik çəkməyib – 10:3. Güləşçimiz yarımfinalda moldovalı Mixaela Samoilə də heç bir şans tanımayıb – 11:4. Beləliklə, finala yüksələn Məmmədova rumıniyalı Andrea Beatriçe Ana ilə həlledici qarşılaşmaya çıxacaq.
Nigar Mirzəzadə (68 kq) 1/4 finalda slovakiyalı Olqa Maslovskanı üstələyib – 4:1. Millimizin üzvü yarımfinalda 23 yaşadək güləşçilər arasında dünya üçüncüsü olmuş Aslı Demirlə üz-üzə gəlib. Türkiyə güləşçisi bu mübarizədən qalib ayrılıb – 6:0. Nigar bürünc medal uğrunda qarşılaşmada Karolina Kozlovska (Polşa) – Marta Navarro (İspaniya) görüşünün qalibiylə güləşəcək.
Qeyd edək ki, bu çəkillərdə medal görüşləri martın 10-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Avropa çempionatı martın 13-nə qədər davam edəcək. Qitə birinciliyində beynəlxalq dərəcəli hakimlərimizdən Hicran Şərifov və Tural Əliyev də ədaləti qoruyur.
Xatırladaq ki, bu qitə birinciliyində yunan-Roma güləşi üzrə mübarizə artıq başa çatıb. Yarışa böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında qatılan müvafiq millimiz uğurlu nəticəyə imza atıb. Belə ki, məsul yarışda mübarizə aparan 6 güləşçimizdən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) Plovdivdə himnimizi səsləndirib. Ziya Babaşov (63 kq) ikinci, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub.


