Avropa çempionatı: Türkanla Alyona 5-ci oldu

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Türkan Nəsirova (50 kq) təsnifat mərhələsində macarıstanlı Şimonetta Şekerlə gərgin keçən görüşdən qalib ayrılıb – 3:2. Türkan 1/4 finalda Avropa çempionu Miqlena Selişkayla üz-üzə gəlib. Bu qarşılaşmadan Bolqarıstan idmançısı qalib ayrılıb – 10:0. Rəqib finala yüksəldiyi üçün Nəsirova 3-cü yeri tutmaq şansı əldə edib. Həmyerlimiz bürünc medal uğrunda polşalı Anna Lukasyakla güləşib. Son saniyələrdə üstünlüyü əldən verərək 4:6 hesabıyla məğlub olan Türkan Avropa çempionatını 5-ci yerdə başa vurub.

59 kq-da iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan Alyona Kolesnik ilk turda türkiyəli Elif Yanıkla qarşılaşıb. Millimizin üzvü ikinci hissədə “tuşe” ilə qələbə qazanıb. Kolesnik qrupda növbəti və sonuncu görüşündə almaniyalı Elena Brüggerə də “tuşe” ilə qalib gələrək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Finalın 1 addımlığında polşalı Yovita Vrjesyenə 1:3 hesabıyla məğlub olan təmsilçimiz bürünc medal üçün yenidən Brüggerlə mübarizə aparıb və bu dəfə rəqibinə uduzaraq (0:9) beşinci yerlə kifayətlənib.

Bu gün – yarışın 4-cü günündə Elis Manolova (65 kq) da mübarizəyə qoşulub. B qrupunda yer alan təmsilçimiz ilk görüşdə Avropa ikincisi Tatyana Rijkoya (Ukrayna) məğlub olub – 0:7. Elis qrupda sonuncu görüşünü estoniyalı Viktoriya Essoya qarşı keçirib və rəqibinə 6:3 hesabıyla qalib gəlib. Qrupda ikinci yeri tutan Manolova yarımfinala yüksəlib. O, finala vəsiqə uğrunda 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi Krişta İnçe (Rumıniya) ilə qarşılaşıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Manolova həlledici görüşə vəsiqə qazanıb. O, finalda ukraynalı Tatyana Rıjko ilə üz-üzə gələcək.

Daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.

Avropa çempionatı aprelin 3-də başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: