Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.
Almaniyada “Leypsiq” Şotlandiyanın “Reyncers” komandasını sınağa çəkib. Bu oyunda meydan sahibləri minimal hesabla qalib gəlib. Lakin şotlandların bir həftə sonra doğma meydanda dönüş etmək şansı qalır.
“Vest Hem” isə doğma meydanda Almaniyanın digər təmsilçisi “Ayntraxt”la (Frankfurt) qarşılaşıb. Frankfurtlular Avroliqanın 1/4 mərhələsində İspaniya nəhəngi “Barselona”nı mübarizədən kənarlaşdırlmaqla çoxunun təəccübünə səbəb oldu. Bu baxımdan, sözügedən komandnaın “Vest Hem”lə görüşlərinin nəticəsi maraqla gözlənilirdi. Almaniya təmsilçisi İngiltərə klubuna da səfərdə qalib gəlməyi bacarıb. “Ayntraxt”a bir həftə sonra öz meydanında keçirəcəyi cavab matçında mərhələ adlamaq üçün heç-heçə də bəs edəcək.
Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları mayın 5-də keçiriləcək. Hər iki oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Mövsümün final qarşılaşması isə mayın 18-də İspaniyada keçiriləcək. Həmin matç Sevilyadakı “Ramon Sançes Pisxuan” stadionunda baş tutacaq. İlk oyunlara əsasən Avroliqanın finalında Almaniya klublarının qarşılaşmasını izləyəcəyimizi söyləmək olar. Təbii ki, “Reyncers” və “Vest Hem” buna imkan versə…
Avropa Liqası
Yarımfinalın ilk oyunları
28 aprel
Leypsiq (Almaniya) – Reyncers (Şotlandiya) 1:0
Qol: Anxelinyo, 85.
Baş hakim: Benoit Bastien (Fransa).
Vest Hem (İngiltərə) – Ayntraxt (Almaniya) 1:2
Qol: Antonio, 21 – Knauff, 1. Kamada, 54.
Baş hakim: Sərdar Gözüböyük (Niderland).


