Avropa Liqasında bütün 1/4 finalçılar bəlli oldu

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Arena.az xəbər verir ki, bu mərhələnin bir oyunu ləğv olunduğu üçün, 7 qarşılaşma baş tutub.

Belə ki, Ukrayna – Rusiya münasibətlərinə görə Moskva “Spartak”ı avrokuboklardan kənarlaşdırılıb. Bu üzdən püşkə görə onların rəqibi olan Almaniya “Leypsiq”i birbaşa 1/4 finala adlayıb.

Baş tutan oyunlara gəlincə, “Qalatasaray” İstanbulda “Barselona”nı qəbul edib. “Kamp Nou”da qeydə alınan qolsuz bərabərlikdən sonra “sarı-qırmızılı” tərəfdarların möcüzəyə inamı artmışdı. Amma cavab görüşündə qələbəni İspaniya təmsilçisi bayram edib və “Qalatasaray” mübarizəni dayandırıb.

İlk oyunda 5 qolun vurulduğu “Bayer” – “Atalanta” matçının “ikinci hissə”si də bolqollu gözlənilirdi. Lakin İtaliya klubu səfərdə minimal hesabla qalib gəlib və növbəti mərhələyə yüksəlib.

Gecənin maraqlı oyunlarından biri Fransada Lion “Olimpik”i ilə “Portu” arasında olub. Bu komandaların ilk duelindən Pireney təmsilçisi minimalhesablı məğlubiyyətlə ayrılmışdı. Cavab görüşündə isə heç-heçə qeydə alınıb və bu nəticə fransızları növbəti mərhələyə daşıyıb.

Doğma meydanda baş tutan ilk oyunda “Vest Hem”i minimal hesabla üstələmiş “Sevilya” səfərdə 2 cavabsız qolla uduzduğu üçün mübarizəni dayandırıb. “Monako” da “Braqa” səddini keçməyi bacarmayıb. “Reyncers” “Srvena Zvezda”ya cavab matçında uduzsa da, ilk oyundakı darmadağın sayəsində mərhələ adlayıb. “Ayntraxt” isə “Betis” səddini çətinliklə keçib.

Beləliklə, “Leypsiq”lə yanaşı, “Atalanta”, “Ayntraxt”, “Barselona”, “Braqa”, “Reyncers”, “Olimpik” (Lion) və “Vest Hem” komandaları da növbəti mərhələdə oynamaq hüququ qazanıb. Avropa Liqasında 1/4 finalın püşkatma mərasimi bu gün – martın 17-də təşkil olunacaq. Bu mərhələnin ilk oyunları aprelin 7-də, cavab görüşləri isə ayın 14-də baş tutacaq.

Avropa Liqası
1/8 finalın cavab oyunları
17 mart

Bayer (Almaniya) – Atalanta (İtaliya) 0:1
Qol: Boqa, 90+1.
İlk oyun – 2:3

Qalatasaray (Türkiyə) – Barselona (İspaniya) 1:2
Qol: Markao, 28 – Pedri, 37. Obameyanq, 50.
İlk oyun – 0:0

Monako (Fransa) – Braqa (Portuqaliya) 1:1
Qol: Disasi, 90+1 – A.Ruis, 20.
İlk oyun – 0:2

Srvena Zvezda (Serbiya) – Reyncers (Şotlandiya) 2:1
Qol: İvaniç, 10. Ben, 90+3-pen – Kent, 56.
İlk oyun – 0:3

Olimpik (Lion, Fransa) – Portu (Portuqaliya) 1:1
Qol: Dembele, 13 – Pepe, 27.
İlk oyun – 1:0

Ayntraxt (Almaniya) – Betis (İspaniya) 1:1
Qol: Hinteregger, 120+1 – B.İqlesias, 90.
İlk oyun – 2:1

Vest Hem (İngiltərə) – Sevilya (İspaniya) 2:0
Qol: Souçek, 39. Yarmolenko, 112.
İlk oyun – 0:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: