Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Arena.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.
Gecənin ilk matçı Almaniyada “Leypsiq” və İtaliya “Atalanta”sı arasında olub. Bu qarşılaşmada qalib müəyyənləşməyib.
İspaniya “Barselona”sı Almaniyanın digər təmsilçisi “Ayntraxt”ın qonağı olub. Avroliqanın əsas favoritlərindən hesab olunan Kataloniya təmsilçisi bu görüşdən heç-heçə ilə ayrılıb.
Daha bir oyun İngiltərədə keçirilib. “Vest Hem” doğma meydanda Lion “Olimpik”inin müqavimətini qırmağa çalışıb. Amma bu oyunun da yekun nəticəsi 1:1 olub.
Günün yeganə qələbəsini isə “Braqa” qazanıb. Portuqaliya təmsilçisi doğma meydanda “Reyncers”i minimal hesabla üstələyib.
Avropa Liqasında 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-də keçiriləcək.
Avropa Liqası
1/4 finalın ilk oyunları
7 aprel
“Leypsiq” (Almaniya) – “Atalanta” (İtaliya) 1:1
Qol: Zappakosta, 58-öz qapısına – Muriel, 17.
“Ayntraxt” (Almaniya) – “Barselona” (İspaniya) 1:1
Qol: Knauff, 48 – F.Torres, 66.
“Vest Hem” (İngiltərə) – “Olimpik” (Lion, Fransa) 1:1
Qol: Bouen, 52 – Ndombele, 66.
“Braqa” (Portuqaliya) – “Reyncers” (Şotlandiya) 1:0
Qol: A.Ruis, 40.


