Azərbaycan Basketbol Liqasında 2024/25 mövsümü başlayır

Bu gün keçiriləcək bir qarşılaşma ilə Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünə start veriləcək.

Arena.az xəbər verir ki, 12 komandanın mübarizə aparacağı çempionatın ilk turu paytaxtda başlayacaq.

İlk oyun gününün yeganə matçında “Neftçi” və “Naxçıvan” komandaları üz-üzə gələcəklər. A qrupunun qarşılaşması Bakı İdman Sarayında keçiriləcək. Görüşə saat 20:00-da start veriləcək.

Qarşılaşmadan öncə mövsümün açılış mərasimi təşkil olunacaq.

İlk tura oktyabrın 20-də yekun vurulacaq.

Bu mövsümdən etibarən, “Cəlilabad” klubu “Quba” klubu ilə əvəzlənib, “Xəzri” klubu “Naxçıvan” BK olaraq adlandırılır. “Xırdalan” klubu isə “Abşeron” BK adı ilə fəaliyyət göstərməyə başlayıb. Eyni zamanda yeni yaranmış “Ordu” və “Lənkəran” klubları da yeni mövsümdən çempionatda mübarizəyə qoşulacaqlar.

Yeni reqlamentə əsasən çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Oyun zamanı meydançada 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq. Müntəzəm mövsümün oyunları A və B qrupları üzərindən baş tutacaq. Ötən çempionatın nəticələrinə əsasən, müntəzəm mövsümü ilk altılıqda bitirmiş, yəni pley-offa vəsiqə qazanmış klublar A qrupunda yarışacaqlar. Pley-offa vəsiqə qazana bilməmiş dörd klub və yeni yaranmış iki klub isə B qrupunda mübarizə aparacaqlar.

A qrupu:
“Sabah” BK
“Naxçıvan” BK
NTD Bakı
“Abşeron” BK
“Neftçi” İK
“Sərhədçi” PİK

B qrupu:
“Sumqayıt” BK
“Gəncə” BK
“Quba” BK
“Şəki” BK
“Ordu” İK
“Lənkəran” BK

Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Xəbəri istədiklərinizlə paylaşın