İspaniya La Liqasının 23-cü turunun “Rayo Valeykano” – “Sevilya” oyununda (1:2) ədəb-ərkandan uzaq hadisə yaşanıb.
Arena.az məlumat verir ki, oyunun birinci hissəsində topu yan xətdən oyuna daxil etməyə hazırlaşan “Sevilya”nın argentinalı sol vingeri Lukas Okamposun güngörməzinə “Rayo Valeykano”nun bir azarkeşi barmaq edib.
Azarkeş tribunaların meydana yaxın ön cərgəsində oturub və fürsət bilərək əxlaqsız hərəkətini futbolçuya tətbiq edib. Bundan əsəbləşən Okampos öncə həmin azarkeşə etirazını bildirib, daha sonra oyunun baş hakiminə bu barədə məlumat verib. Digər futbolçular, hətta “Rayo Valyekano” futbolçuları da hadisə yerinə yaxınlaşaraq həmin azarkeşə bu hərəkətinin yanlış olduğunu söyləyiblər. Qısa fasilədən sonra Okampos yenidən həmin nöqtəyə yaxınlaşıb və oyunu bərpa edib.
Oyundan sonra baş verənlərdən narazılığını bildirmiş Okampos qadın futbolunda belə bir məqamın yaşanacağı halda, ictimaiyyətin münasibətinin dərhal olacağını və bu münasibətin şiddətlə təzahür edəcəyini vurğulayıb:
“Ümidvaram ki, La Liqa irqçilik və buna bənzər məqamları ciddi qəbul edir. Qadın futbolunda bu baş verərsə, nələrin baş verə biləcəyini hamımız bilirik. Eyni zamanda, mən təkid edirəm ki, bu axmaqlıq özünü ləyaqətlə aparan azarkeşlərin nüfuzunu ləkələyə bilməz”, – “Estadio Deportivo” Okamposdan sitat gətirir.
La Liqanın hadisəyə münasibəti özünü çox gözlətməyib.
AS dərgisinin məlumatına görə, La Liqa bu əxlaqsız hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verəcək.
La Liqa baş vermiş biabırçılıqla bağlı yetkinlik yaşına çatmayanlar üzrə prokurorluğa məlumat verəcək. Vurğulanır ki, polis artıq “barmaqbaz” gənc azarkeşin kimliyini müəyyənləşdirib və cinayət işi başlatmağa hazırlaşır. Çox güman ki, bu məsələ həmin şəxsin “Rayo Valyekano” stadionuna gəlməsinə qadağa qoyulması ilə nəticələnəcək.


