Azubuike Okeçukvu Türkiyədə klubunu dəyişdi

Futbol üzrə Nigeriya milli komandasının yarımmüdafiəçisi Azubuike Okeçukvu Türkiyənin “Başakşəhər” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Başakşəhər” 25 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulanıb. İstanbul təmsilçisi onun TFF 1-ci liqa təmsilçisi “Risəspor”a transfer olunduğunu da açıqlayıb. Lakin bu transferin detalları açıqlanmayıb.

Azubuike Okeçukvu 2019-cu ildən “Başakşəhər”də çıxış edirdi. Onun bu klubla müqaviləsinin müddəti 2023-cü ilin 30 iyununa qədər idi. Yarımmüdafiəçi İstanbul təmsilçisində 47 oyuna çıxıb və cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Azubuike daha öncə də yarım mövsüm “Rizəspor”da forma geyinib. O, 2019-cu ildə bu klubun forması ilə meydana çıxdığı 14 oyunda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Nigeriyalı futbolçu “Piramids”, “Bayelsa Yunayted”, “Sivasspor” və “Yeni Malatyaspor”da da oynayıb. Okeçukvu Nigeriya milli komandasında da 1 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: