Bəxtiyar Həsənalızadənin komandası “Altay”a qalib gəldi

Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi Türkiyənin “Tuzlaspor” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 19-cu turu çərçivəsində “Altay”la qarşılaşıb.

Doğma meydanda baş tutan qarşılaşma futbolçumuzun komandası üçün uğurlu alınıb.“Tuzlaspor” meydanı inamlı qələbə ilə tərk edib – 2:0.

Həsənalızadə bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçunun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Tuzlaspor” hazırda 19 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la 2023-cü ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 13 oyuna çıxıb və 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: