Balotelli: “PSJ-nin mənimlə müqavilə imzalamaq şansı yoxdur!”

İtaliya yığmasının sabiq hücumçusu, “Adana Dəmirspor”un futbolçusu, dəli-dolu xasiyyətli Mario Balotelli açıqlaması ilə gündəmə gəlib.

Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu PSJ-nin onunla müqavilə bağlamaq istəyində olacağı halda, necə davranacağını açıqlayıb:

“PSJ mənə zəng etsə, nə olacaq? Heç bir şansları yoxdur. Mən onları imtina ilə cavablayacağam. Heç nəyin müqabilində ora getmərəm, çünki əvvəllər Marsel “Olimpik”ində və “Nitsa”da oynamışam. Odur ki, PSJ-nin zərrəcə şansı yoxdur.

PSJ mənə mövsümə 10 milyon avro təklif etsə, nə olacaq? Onda əlbəttə! Belə olan halda mən razılaşardım… 10 milyon avroya mən hətta qardaşımın komandasına qoşularam və onlar üçün oynayaram!”, deyə Mario bildirib.

Hazırda “Adana Dəmirspor”da çıxış edən Balotelli ötən mövsümü “Syon”da keçirib. İtaliyalı hücumçu İsveçrə klubuna 2022-ci ilin avqustunda elə, “Adana Dəmirspor”dan keçib, cari ilin sentyabrında isə sərbəst transferlə Türkiyə klubuna qayıdıb. Balotellinin “Adana Dəmirspor”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ümumilikdə Balotelli “Syon”un heyətində 19 oyuna çıxıb, 6 qol vurub. Cari mövsümdə isə Mario “Adana Dəmirspor”un heyətində 1 oyun keçirib, 60 dəqiqə meydanda olub və 2 qol vurub.

Hücumçu əvvəllər “Montsa”, “Breşiya”, “Olimpik” (Marsel), “Nitsa”, “Liverpul”, “Milan”, “Mançester Siti” və “İnter”də də çıxış edib.

Mario Balotelli 2010-cu ilin avqustunda debüt etdiyi İtaliya yığmasının heyətində 36 oyun keçirib, 14 qol vurub, 5 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Balotelli əsasən pis xasiyyəti ilə tanınır. O, demək olar ki, hər klubda komanda yoldaşları və məşqçiləri ilə münaqişələr yaşayıb. Meydandan kənarda onun başına daim qalmaqallı və ya gülməli hadisələr gəlir. Mario meydanda da tez-tez sarı vərəqələr almağa, hakimlə dilləşməyə və oyundan qovulmağa meyllidir.

Həmçinin futbol mütəxəssisləri Balotellini bir futbolçu kimi təhlil edərkən, onun istedadını və oyun potensialını kifayət qədər tərəqqi etdirə bilmədiyi haqda yekdil qənaətə dayanırlar.

“Transfermarkt” internet-portalı 32 yaşlı Mario Balotellini 1,2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: