Barkola Azərbaycanla oyunu buraxacaq, Mbappe…

Fransa yığmasının və PSJ-nin cinah hücumçusu Bradli Barkola DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan millisi ilə oyununda forma geyinməyəcək.

Arena.az bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan və İslandiya ilə oyunlardan öncə Fransa yığmasının heyətində dəyişiklik edilib. PSJ-dən heyətə cəlb edilmiş Bradli Barkola zədəli olduğu üçün komandadan kənarda qalıb. Onu “Lill” klubunda çıxış edən Florian Toven əvəzləyib.

Fransa yığmasının digər hücumçusu Kilian Mbappenin də Azərbaycan millisi ilə oyunda iştirakı sual altındadır. O, hazırda zədəsini sağaltmaqla məşğuldur. Madrid “Real”ında (İspaniya) çıxış edən ulduz futbolçu “Vilyarreal”la (3:1) oyunda sağ topuq bağlarının dartılması səbəbindən millimizlə görüşdə oynamağa tam hazır deyil. Mbappe hazırda bərpa kursu keçir. Bunu həkim nəzarətində edən 26 yaşlı forvard bu üzdən Fransa millisinin ilk məşqində iştirak etməyib. Mbappe yüngül zal hərəkətləri ilə kifayətlənib.

Xatırladaq ki, Fransa millisi oktyabrın 10-da Parisdə Azərbaycan, 13-də isə Reykyavikdə İslandiya ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: