“Barselona” Hansi Flikin məşqçilər qərargahını təqdim etdi

İspaniyanın “Barselona” klubu yeni baş məşqçisi, alman mütəxəssis Hansi Flikin məşqçilər qərargahını təqdim edib.

Arena.az bu barədə Kataloniya təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

Qərargaha Flikin özündən başqa, onun köməkçiləri Markus Sorq, Toni Tapaloviç və Hayko Vestermann, qapıçılar üzrə məşqçi Xose Roman de la Fuente, fiziki hazırlıq üzrə aparıcı məşqçi Xulio Tous, meydanda fiziki hazırlıq üzrə məşqçilər Pepe Konde, Rafa Maldonado, eləcə də idman zalı üzrə təlimçi Herman Fernandes daxildir.

Xatırladaq ki, “Barselona” Hans-Diter Fliklə müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə bağlayıb. Cari ilin ayının sonunda bağlanmış müqavilə iyul ayının 1-də rəsmən qüvvəyə minib və alman mütəxəssis “blauqrana”nın sükanı arxasında işinə başlayıb.

Hans-Diter Flik məşqçilik karyerası ərzində “Viktoriya Bammental”, “Hoffenhaym”, “Bayern” və Almaniya yığmasını çalışdırıb.

Alman mütəxəssisin klub futbolu səviyyəsində uğurları Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır. Flik “Bayern”lə Almaniya Bundesliqasının (2019/2020, 2020/2021), Almaniya Kubokunun (2019/2020), Almaniya Super Kubokunun (2020), Çempionlar Liqasının (2019/2020), UEFA Super Kubokunun (2020), FIFA Klub Dünya Kubokunun (2020) qalibi olub.

Flik “Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola yanaşı sekstupl qazanmış iki mütəxəssisdən biridir. 2019/2020 mövsümündə “Bayern”lə müvafiq uğura imza atıb – Almaniya Bundesliqasını, Almaniya Kubokunu, Almaniya Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu, FIFA Klub Dünya Kubokunu qazanıb.

Həmin mövsüm Flik 6 təqdimat üzrə ən yaxşı məşqçi adını qazanıb. Bura, UEFA-ya görə ilin məşqçisi, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) görə ilin klub məşqçisi, “World Soccer”ə görə ilin çalışdırıcısı, “Globe Soccer Awards”a görə ilin ən yaxşı məşqçisi, Alman İdman Jurnalistləri Assosiasiyasına görə ilin alman futbol məşqçisi və Bundesliqada ilin məşqçisi təqdimatları üzrə qalibiyyətlər daxildir.

Hansi Flik Almaniya yığmasının baş məşqçinin köməkçisi olaraq DÇ-2014-ün qalibi olub, həmçinin AÇ-2008-də gümüş, AÇ-2012-də isə bürünc medal qazanıb.

2021-ci ildə bundestimin sükanı arxasına keçmiş Flik 2023-cü ilin sentyabrında “alman maşını”nın bərbad çalışması səbəbindən istefaya göndərilib. Alman mütəxəssis həmin vaxtdan işsiz idi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: