İspaniya çempionu “Barselona” bu yay “Atletik”dən ayrılan 32 yaşlı mərkəz müdafiəçisi İnyiqo Martineslə müqavilə imzalayıb.
Arena.az xəbər verir ki, Martines artıq Kataloniya klubunun düşərgəsinə gələrək fotosessiyada iştirak edib. Onun transferi yaxın vaxtlarda açıqlanacaq.
İnyiqo Martines “Barselona”ya azad agent qismində qoşulub. 2023-cü il iyunun 30-da Martinesin Bilbao “Atetik”i ilə müqaviləsinin müddəti başa çatandan bəri, müdafiəçi azad agentdir.
Martines “Real Sosyedad”ın yetirməsidir və 2018-ci ildən Bilbao “Atletik”ində çıxış edirdi. Geridə qalmış mövsümdə Martines bu komandanın heyətində 18 oyuna çıxıb, 1 qol vurub.
İnyiqo Martines İspaniya yığmasında 2013-cü ildə debüt edib, yığmada 20 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı İnyiqo Martinesi 10 milyon avro məbləğində qiymətləndirir.


