“Barselona” komandanın mərkəz yarımmüdafiəçisi Pedrinin zədələnməsi ilə bağlı yayılan məlumata dair rəsmi bəyanat yayıb.
Arena.az Kataloniya klubunun rəsmi bəyanatını təqdim edir:
“Səhər məşqi zamanı Pedri kiçik əzələ zədəsinə səbəb olan zərbə alıb. Futbolçu sıradan çıxıb və onun qayıtma vaxtı sağalma tezliyi ilə müəyyənləşəcək”, – klubun mətbuat xidməti bildirib.
Daha əvvəl “Barselona”nın yarımmüdafiəçisi Pedrinin əzələ zədəsi aldığı haqda xəbərlər dolaşırdı və həmin mənbələr indi ispan futbolçunun iki həftəlik müddətə sıradan çıxdığını iddia edirlər.
Pedri “Las-Palmas”ın yetirməsidir və “Barselona”ya elə, buradan 2020-ci ilin iyulunda icarə müqaviləsinin başa çatması ilə qoşulub. Pedrinin indiki klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Pedri bu komandanın heyətində 11 oyuna çıxıb, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Pedri Kataloniya təmsilçisi ilə İspaniya La Liqasını (2022/2023), İspaniya Kral Kubokunu (2020/2021), İspaniya Super Kubokunu (2022/2023) qazanıb.
Pedri 2021-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 18 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 21 yaşlı Pedrini 100 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Pedri “Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodridən sonra ən bahalı ispan futbolçudur.
“Transfermarkt” internet-portalı Rodrini 110 milyon avro məbləğində qiymətləndirir.


