“Barselona” səfərdə, “Atletiko” evdə sevindi – Çempionlar Liqasında

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2023/2024 mövsümünün 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Madrid “Atletiko”su ilə Dortmund “Borussiya”sı İspaniya paytaxtında üz-üzə gəliblər. “Metropolitano” stadionunda baş tutan bu oyunu İtaliyadan olan Marko Quida idarə edib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanıblar.

Mərhələnin digər oyunu iddialılardan hesab olunan Fransa çempionu PSJ ilə İspaniyanın ən güclüsü “Barselona” arasında keçirilib. Bu komandaların ilk görüşü isə Parisdə baş tutub. Qarşılaşmanı İngiltərədən olan FIFA referisi Entoni Teylor idarə edib. Bütövlükdə beş qolun vurulduğu bu görüş isə qonaq komandanın çətin qələbəsiylə yekunlaşıb. Beləcə, “Barselona” yarımfinala adlamaq şanslarını xeyli artırıb.

Xatırladaq ki, bu mərhələnin ilk iki oyunu bir gün öncə baş tutmuşdu. “Real”la (İspaniya) “Mançester Siti”nin (İngiltərə) 6 qolluq duelində qalib müəyyənləşməmişdi – 3:3. “Arsenal” (İngiltərə) da “Bayern”lə (Almaniya) “sülh bağlamışdı” – 2:2.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçları aprelin 16-da və 17-də təşkil olunacaq.

UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
10 aprel

“Atletiko” (Madrid, İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 2:1
Qollar: De Paul, 4. Lino, 32 – Haller, 81.
Baş hakim: Marko Quida (İtaliya).
Madrid, “Metropolitano” stadionu.

PSJ (Fransa) – “Barselona” (İspaniya) 2:3
Qollar: Dembele, 48. Vitinya, 51 – Rafinya, 37; 62. Kristiansen, 77.
Baş hakim: Entoni Teylor (İngiltərə).
Paris, “Park de Prins” stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: