“Barselona”nı yarımfinala buraxmadılar – Avropa Liqasında

Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Arena.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.

Gecənin ilk matçı İtaliyada “Atalanta” və Almaniya “Leypsiq”i arasında keçirilib. Bu komandalar arasında Almaniyada baş tutan ilk qarşılaşmada qalib müəyyənləşməmişdi. Cavab görüşündə inamlı qələbəyə sevinən Bundesliqa təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

İspaniya “Barselona”sı isə Almaniyanın digər təmsilçisi “Ayntraxt”ı qəbul edib. Frankfurtdakı görüşdə heç-heçə qeydə alınmışdı. Beş qolun qeydə alındığı cavab görüşündə isə sevinən tərəf Almaniya təmsilçisi olub. Beləcə, Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasının ardından, Avropa Liqasında da mübarizəni sonadək davam etdirə bilməyib.

İngiltərə “Vest Hem”i Fransada Lion “Olimpik”inin qonağı olub. Bu komandaların da ilk dueli bərabərliklə başa çatmışdı. Səfərdə 3 cavabsız qolla qalib gələn ingilislər yarımfinala yüksəliblər.

Portuqaliya “Braqa”sı isə Şotlandiya “Reyncers”i ilə üz-üzə gəlib. Qonaqlar evdəki matçda minimal hesablı qələbə qazanmışdı. Cavab görüşündə inamlı qələbəyə sevinən şotlandlar yarımfinalda oynamaq hüququ qazanıblar.

Beləliklə, yarımfinalda “Vest Hem” “Ayntraxt”la, “Leypsiq” isə “Reyncers”lə qarşılaşacaq.

Avropa Liqası
1/4 finalın cavab oyunları
14 aprel

“Atalanta” (İtaliya) – “Leypsiq” (Almaniya) 0:2
Qol: Nkunku, 18; 87.
İlk oyun – 1:1

“Barselona” (İspaniya) – “Ayntraxt” (Almaniya) 2:3
Qol: Buskets, 90+1. Depay, 90+11-pen – Kostiç, 4-pen; 67. Borre, 36.
İlk oyun – 1:1

“Olimpik” (Lion, Fransa) – “Vest Hem” (İngiltərə) 0:3
Qol: Dauson, 39. Rays, 44. Bouen, 48.
İlk oyun – 1:1

“Reyncers” (Şotlandiya) – “Braqa” (Portuqaliya) 3:1
Qol: Tavernye, 2; 44. Ruf, 101 – Karmo, 83.
İlk oyun – 0:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: