Basketbol: “Abşeron”la “Gəncə” mövsümə qələbə ilə başladılar

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 1-ci turunun növbəti qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, yeni mövsümün ikinci oyun günündə iki görüş baş tutub.

Qarşılaşmalardan biri Bakıda, digəri paytaxtdan kənarda baş tutub. A qrupunda NTD “Abşeron”u qəbul edib. Gərgin keçən oyunda qonaq komanda qələbə qazanıb.

Mövsümün paytaxtdan kənardakı ilk qarşılaşması Lənkəranda keçirilib. B qrupunda çıxış edən eyniadlı komanda “Gəncə” ilə üz-üzə gəlib. Bu görüşdə də qonaqlar qələbə əldə ediblər.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. Turun ilk oyununda ötən gün “Neftçi” “Naxçıvan”a 79:84 hesabıyla məğlub olub.

Reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Azərbaycan Basketbol Liqası
19 oktyabr

A qrupu, 1-ci tur

NTD – “Abşeron” 69:75 (22:16, 12:15, 16:23, 19:21)
Bakı İdman Sarayı.

B qrupu, 1-ci tur

“Lənkəran” – “Gəncə” 75:90 (20:31, 14:22, 21:17, 20:20)
Lənkəran Olimpiya İdman Kompleksi.

Xəbəri istədiklərinizlə paylaşın