Belarus çempionatının qalibi “Şaxtyor” oldu

Futbol üzrə Belarus Premyer Liqasında cari mövsümün qalibi bəlli olub. Arena.az xəbər verir ki, Soliqorsk “Şaxtyor”u sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Sözügedən komanda buna 15-ci turdan təxirə salınmış oyunda “Qomel”ə 3:2 hesabı ilə qalib gəlməklə nail olub. Bu nəticədən sonra xallarının sayını 68-ə çatdıran kollektiv ən yaxın izləyicisi BATE-ni 10 xal qabaqlayır. Üstəlik, “Şaxtyor”un ehtiyatda təxirə salınmış daha bir oyunu var.

Bu, “Şaxtyor”un ardıcıl 2-ci, ümumilikdə isə 3-cü çempionluğudur. Soliqorsk klubu ilk çempionluğunu 2005-ci ildə qazanıb. Bu komanda 2010, 2011, 2012, 2013, 2016 və 2018-ci illərdə də gümüş medalla kifayətlənib.

Sonda onu da qeyd edək ki, Belarus çempionatında Azərbaycan millisinin sabiq hücumçusu Ruslan Qurbanov da çıxış edir. Onun formasını geyindiyi Mozır “Slaviya”sı 26 oyuna topladığı 27 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: