Türkiyənin “Beşiktaş” klubu növbəti transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın “Benfika” klubunun yarımmüdafiəçisi Jedson Fernandesi heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb. Türkiyə klubu bu transferə görə “Benfika”ya 6 milyon avro ödəyib. Futbolçunun gələcəkdəki satışından da qazancın 50 faizi Portuqaliya klubunun olacaq.
Jedson Fernandes “Benfika”nın öz yetirməsidir. Portuqaliya yığmasının da üzvü olan vinger, doğma klubunun əsas komandasında meydana çıxdığı 63 oyunda 3 qolla yadda qalıb. O, 2020/21 mövsümündə İngiltərənin “Tottenhem”, 2021-ci ildə Türkiyənin “Qalatasaray”, 2022-ci ildə isə “Rizəspor” klublarında icarədə oynayıb. O, bu ilin əvvəlində üz tutduğu Rizə təmsilçisində 11 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, “qara qartallar” Jedson Fernandesi bu ilin əvvəlində transfer etsə də, onu “Rizəspor”a icarəyə vermişdi.
Portuqaliyalı vinger İstanbul təmsilçisinə keçidi ilə bağlı fikirlərini də bölüşüb. O, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Özümü çox yaxşı hiss edirəm. Uzun müddətdir buraya gəlmək istəyirdim və yekunda buradayam. Buradakı hər anımın kefini çıxarmaq istəyirəm. Komandama kömək etmək, azarkeşlərimizi sevindirmək üçün buradayam. Hər zaman olduğu kimi, 83 nömrəli formanı seçəcəyəm. Onu dəyişdirə bilmərəm. Tərəfdarlarımızı görmək üçün çox həyəcanlıyam. Ümid edirəm ki, azarkeşlərimiz hər zaman olduğu kimi, bu mövsüm də komandamızı dəstəkləyər. “Beşiktaş” formasıyla qazana biləcəyimiz her şeyi qazanmaq istəyirəm. Türkcə öyrənmək istəyirəm. Bunun mənim üçün çox önəmli olduğunu düşünürəm”.
Xatırladaq ki, “Beşiktaş” daha öncə Romen Saissi transfer etmişdi.


