İspaniya çempionu “Real”ın və Mərakeş yığmasının 24 yaşlı futbolçusu Brahim Dias “kral klubu”nun səviyyəsindən danışıb.
Arena.az mərakeşli futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Real”ın səviyyəsini bilirsiniz: bu, sizdən hər gün mütləq səviyyədə can qoymağı tələb edir. Burada olmaqdan çox şadam. Bu kluba yaxşı oyunçuların gəlməsinə şadam. Bu, “Real”dır, bizdə dünyanın ən yaxşı oyunçuları olmalıdır”, deyə Dias vurğulayıb.
Qeyd edək ki, Brahim Dias “Malaqa”da futbola qədəm qoyub. Buradan “Mançester Siti” akademiyasına yol tapmış Brahim 2019-cu ilin yanvarında “Real” tərəfindən alınıb. “Kral klubu” Diası bir müddət “Milan”da icarədə oynadıb və tərəqqi etmiş futbolçusunu 2023-cü ilin yayında yenidən heyətinə qaytarıb.
Geridə qalmış 2023/2024 mövsümündə Dias “Real”ın heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 12 qol vurub, 9 məhsuldar ötürmə verib.
Brahim Diasın qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı İngiltərə Premyer Liqası, İngiltərə Liqa Kuboku (2 dəfə), İngiltərə Super Kuboku, “Milan”la İtaliya A Seriyası çempionluğu, “Real”la UEFA Çempionlar Liqası, İspaniya La Liqası çempionluğu (2 dəfə), İspaniya Super Kuboku (2 dəfə) var.
Brahim Malaqada (İspaniya) anadan olub, amma valideynləri mərakeşəsillidirlər. Dias İspaniya yığmasının heyətində cəmi 1 yoldaşlıq oyunu keçirib. 2021-ci ilin iyun ayının 8-də Dias Litva yığması ilə yoldaşlıq oyununda meydana çıxıb və “qırmızı qəzəb”in 4:0 hesabı qalib gəldiyi oyundan qollardan birinin müəllifi olub. İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış yarımmüdafiəçi bu ilin martından Mərakeş millisində oynamağa başlayıb. O, bu komandanın heyətində artıq 4 oyuna da çıxıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


