“Real”ın mərakeşəsilli ispaniyalı hücumameyilli yarımmüdafiəçisi Braim Dias nəhayət Mərakeş yığmasına çağırılıb.
Arena.az Mərakeş yığmasının mətbuat xidmətinə istinadən məlumat verir ki, 24 yaşlı futbolçu Mərakeş yığmasının martın sonlarında Anqola və Mavritaniya komandalarına qarşı oyunlarında iştirak etmək üçün yığmanın düşərgəsinə dəvət alıb.
Xatırladaq ki, bundan əvvəl İspaniya Kral Futbol Federasiyası (RFEF) yarımmüdafiəçinin namizədliyinə maraq göstərməmişdi. Belə olduğu halda Dias tarixi vətəninin lehinə seçim edib.
Xatırladaq ki, martın 11-də Braim Dias Mərakeş yığmasına qoşulduğunu açıqlayıb.
Braim Malaqada (İspaniya) anadan olub, amma Diasın valideynləri mərakeşəsillidirlər.
Dias İspaniya yığmasının heyətində cəmi 1 yoldaşlıq oyunu keçirib. 2021-ci ilin iyun ayının 8-də Dias Litva yığması ilə yoldaşlıq oyununda meydana çıxıb və “qırmızı qəzəb”in 4:0 hesabı qalib gəldiyi oyundan qollardan birinin müəllifi olub.
Braim Dias “Malaqa”da futbola qədəm qoyub. Buradan “Mançester Siti” akademiyasına yol tapmış Braim 2019-cu ilin yanvarında “Real” tərəfindən alınıb. “Kral klubu” Diası bir müddət “Milan”da icarədə oynadıb və tərəqqi etmiş futbolçusunu ötən ilin yayında yenidən heyətinə qaytarıb.
Cari mövsümdə Dias “Real”ın heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə verib.
Braim Diasın qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı İngiltərə Premyer Liqası, İngiltərə Liqa Kuboku (2 dəfə), İngiltərə Super Kuboku, “Milan”la İtaliya A Seriyası çempionluğu, “Real”la İspaniya La Liqası çempionluğu, İspaniya Super Kuboku (2 dəfə) var.
“Transfermarkt” internet-portalı 24 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


