Canni De Byazi: “Heç-heçə edə bilərdik”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsində İsveç yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis 0:5 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk hissədə topla daha çox oynayırdıq. Onları çətinə salmışdıq. Rəqib reytinqdə bizdən 100 pillə irəlidədir. İkinci qoladək oyunda qaldıq. Fikirləşirəm ki, əla oyun göstərdik. Topa daha çox nəzarət etdik. İkinci qoldan sonra onların hər imkanı qol olurdu. Bizim də imkanlarımız oldu. Hətta heç-heçə edə bilərdik.

Yesper Karlsson bu gün cərimə zərbəsindən qol vurdu. Bizim canlı sədd də buna şərait yaratdı. İsveç fiziki cəhətdən çox güclü komandadır. Amma bir saatın tamamına qədər meydanda fərq elə də görünmürdü. Təbii ki, fiziki cəhətdən onlar bizdən güclüdürlər. Biz 70-75 dəqiqə oyunda qala bilirik. Ondan sonra çox çətin olur bizə. Ən əsası 0:2-dən sonra ruhdan düşməməliyik. İnanmalıyıq ki, nəticəni xeyrimizə dəyişmək olar. Əminəm ki, bundan daha yaxşısını edə bilərik. İnkişaf etmək üçün bu oyundan dərs çıxartmalıyıq”.

Canni De Byazi futbolçularını tənqid etmək istəmədiyini söyləyib: “Oyunun son dəqiqələrində 2002 və 2003-cü il təvəllüdlü uşaqlara şans verdim. Başa düşürəm, nəticə bizim üçün acınacaqlıdır, amma onlara deyəcək sözüm yoxdur”.

Xatırladaq ki, Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsindəki ilk oyununda Avstriyaya da 1:4 hesabıyla uduzmuşdu. Ardıcıl iki acınacaqlı məğlubiyyətdən sonra xalsız olan yığmamız yer aldığı F qrupunda sonuncu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: