Cavid Hüseynov: “Fasiləyədək taktiki hazırlığa vaxtımız yox idi”

“Səbail”in baş məşqçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Aşağı pillələrdə çox gərgin mübarizə gedir. Buna görə də psixoloji cəhətdən əlavə hazırlaşmaq lazım idi. Komanda olaraq bu oyuna yaxşı hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. Əsl mübarizə, xarakter göstərdilər. İki fərqli hissə izlədik. Bu da normaldır. İlk yarıda bir neçə qol epizodumuz oldu. İkinci hissədə məlum idi ki, rəqib irəli atılacaq. Əks-hücumlarımız oldu. Sonda nəticə bizim xeyrimizə olduğu üçün sevinirik. Amma oyun planında üzərində işləməli olduğumuz çox şey var”.

Cavid Hüseynov komandasının qış fasiləsindən sonrakı dirçəlişini belə izah edib:

“Mən “Səbail”ə gələndə qış fasiləsinə 5 tur qalmışdı. 5 oyundan 3-ü turnir cədvəlinin ilk pillələrində olan rəqiblərə qarşı oldu. Taktiki baxımdan hazırlaşmaq üçün vaxtımız yox idi. Qış fasiləsində vaxtdan səmərəli istifadə etdik. Futbolçularda taktiki baxımdan xeyli inkişaf görürük. Bu nəticələri gözləyirdik. Güclənmək yönündə iş aparılır. İki futbolçu istəmişəm. Rəhbərlik bunu yerinə yetirmək üçün çalışır. Həm hücum, həm də müdafiə xəttini gücləndirmək istəyirik. Rəqabəti hiss etmək üçün bir mövqedə iki oyunçumuz olmalıdır”.

“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Mənim üçün maraqlı oyun oldu. Yaxşı mübarizə apardıq. Əslində, uduzulacaq oyun deyildi. Təəssüflər olsun ki, yaratdığımız qol epizodlarından yararlana bilmədik. Üzücü tərəfi budur. İrəliyə baxmaq lazımdır. Qarşıda 16 tur var. Mübarizə davam edəcək”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: