Çeferin: “FİFA-ya olan etimadım hələ də bərpa olunmayıb”

UEFA prezidenti Aleksander Çeferin son aylarda isti münasibətlərdə olmadığı FİFA-ya etimadının hələ də bərpa olunmadığını bildirib.

Arena.az xəbər verir ki, UEFA rəhbəri bu barədə “Reuters”ə açıqlamasında danışıb.

Çeferinin sözlərinə görə, dünya futbolunda etimadın bərpası üçün birlik, şəffaflıq və futbolun əksəriyyətinin maraqlarına xidmət edən idarəetmə sistemi əsas prinsiplər olmalıdır:

“Futbola olan etimad üç əsas sütun üzərində dayanır: birlik, şəffaflıq və ayrı-ayrı şəxslərin dar qrupunun deyil, əksəriyyətin maraqlarına xidmət edən idarəetmə sistemi. Son vaxtlar bu prinsiplərin hamısı onları qoruyacağına söz verən şəxslər tərəfindən nəzərə alınmayıb.

Dünya futbolunun birliyini pozan layihə, ola bilsin ki, dayandırılıb, amma itirilmiş etimad bərpa olunmayıb. İndi bizim vəzifəmiz onu yenidən qazanmaqdır”, – deyə Çeferin bildirib.

Söhbət FİFA prezidenti Canni İnfantinonun irəli sürdüyü “FIFA Forward Enterprise” layihəsindən gedir. Plan çərçivəsində FİFA-nın yarışlarının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması və əldə olunan vəsaitin futbolun inkişafına yönəldilməsi nəzərdə tutulurdu. Layihə UEFA, CONCACAF və digər futbol qurumlarının ciddi etirazından sonra geri çəkilib.

İnfantino sentyabrın 21-də FİFA-nın idarəetmə strukturunun müstəqil şəkildə nəzərdən keçirilməsini və islahatlarla bağlı məsləhətləşmələr aparılmasını təklif edib.

Qeyd edək ki, 56 yaşlı İnfantino 2016-cı ilin fevralından FİFA-ya rəhbərlik edir. Növbəti prezident seçkilərinin 2027-ci ilin martında keçirilməsi planlaşdırılır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: