Futbol üzrə İngiltərə millisinin və London “Arsenal”ının sabiq yarımmüdafiəçisi Cek Uilşir karyerasını başa vurub. Arena.az xəbər verir ki, ötən gün Danimarkanın “Orhus” klubundan ayrılan 30 yaşlı futbolçu bu qərarını sosial şəbəkə hesabında paylaşıb:
“Xəyallarımı gerçəkləşdirdim. Hamınıza təşəkkür edirəm. Açığı, məndən asılı olmayan səbəblərə görə karyeramı bitirmək məcburiyyətində olduğumu görmək ağır gəlirdi. Hələ də futbola nələrisə verə biləcəyimi düşünürdüm. Karyeramın hər anında həzz aldım. Artıq həyatımın bu hissəsini bağlamaq üçün doğru zamandır”.
Uilşir bu ilin fevralından “Orhus”un uğurları üçün çalışırdı. O, həmin vaxt azad agent statusu ilə bu kluba keçmişdi. Cekə yeni müqavilə təklif olunsa da, o, bu təklifi qəbul etməyib.
“Arsenal”ın yetirməsi olan Uilşir, 2008-2018-ci illər aralığında məhz London klubunun uğurları üçün çalışıb. O, “Bolton”, “Bornmut” və “Vest Hem” komandalarının da formasını geyinib.
Cek Uilşir İngiltərə yığmasında 34 oyunda 2 qol vurub.


