Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, mərhələnin ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.
Günün ən çox maraq doğuran oyunlarından biri Fransada keçirilib. Burada Fransa nəhəngi PSJ İngiltərə Premyer Liqasının lideri “Liverpul”la üz-üzə gəlib. Matçın sonlarına kimi qonaqları böyük təzyiq altında saxlayan Paris təmsilçisi yekunda rəqib komandanın qapıya ünvanladığı yeganə dəqiq zərbənin qarşısını ala bilməyib və məğlubiyyətə üzülüb.
Daha bir maraqlı oyun Almaniyada baş tutub. Bu ölkənin iki güclü komandası – “Bayern” və “Bayer” Münhen təmsilçisinin meydanında üz-üzə gəlib. “Bayer” ötən mövsüm Almaniya çempionu olubsa, “Bayern” hazırda Bundesliqanın vahid lideridir. Bu komandaların görüşündə münhenlilər darmadağınla qalib gəliblər.
İtaliya “İnter”i səfərdə Niderlandın “Feyenoord” komandası ilə üz-üzə gəlib və inamlı qələbə sayəsində mərhələ adlamq şanslarını artırıb.
İspaniya nəhəngi “Barselona” isə Portuqaliya “Benfika”sının qonağı olub. Kataloniya təmsilçisi azlıqda oynamasına baxmayaraq, yekunda qələbə qazanmağı bacarıb.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmaları martın 11-də və 12-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
5 mart
“Feyenoord” (Niderland) – “İnter” (İtaliya) 0:2
Qollar: M.Türam, 38. L.Martines, 50.
PSJ (Fransa) – “Liverpul” (İngiltərə) 0:1
Qol: Elliot, 87.
“Bayern” (Almaniya) – “Bayer” (Almaniya) 3:0
Qollar: H.Keyn, 9; 75-pen. C.Musiala, 54.
“Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya) 0:1
Qol: Rafinya, 61.


