“Mançester Yunayted”in ingilis sol cinah vingeri Ceydon Sanço yenidən sabiq klubuna – Dortmund “Borussiya”sına qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə və Almaniya klubları rəsmi saytları vasitəsilə məlumat yayıblar.
23 yaşlı vinger “Mançester Yunayted”dən icarəyə götürülüb. Onun köhnə-yeni klubu ilə sözləşməsinin müddəti iyunun 30-na qədər nəzərdə tutulub. Müqavilədə satınalma ilə bağlı hansısa şərt nəzərdə tutulmayıb.
Xatırladaq ki, “Mançester Yunayted” bu qış transfer pəncərəsində ingilis vingerlə yollarını ayırmağı planlaşdırırdı. Hətta “qırmızı şeytanlar”ın rəhbərliyi Sançonu aşağı qiymətə satmaqla onun kluba keçidi müqabilində sərf edilmiş vəsaitin təzminatını qismən ödəmək niyyətindəydilər. Lakin Ceydona belə bir müştərinin çıxmaması klub rəhbərliyinin fərqli qərar qəbul etməsinə səbəb olub.
Sanço xeyli müddət idi cəzalı idi. O, “Arsenal”la oyunun iştirak ərizəsində olmadığını şərh edərək, sosial şəbəkələrdə “qırmızı şeytanlar”ın holland çalışdırıcısı Erik ten Haqı ictimai surətdə yalançılıqda ittiham etmişdi. O, daha sonra bu addımına görə üzr istəməkdən də imtina etmişdi. Klub rəhbərliyi cəza tədbiri qismində Sançonu əsas komanda ilə məşqlərdən kənarlaşdırmışdı.
Ceydon Sanço “Mançester Yunayted”ə 2021-ci ilin iyulunda 85 milyon avro müqabilində məhz Dortmund “Borussiya”sından keçib. Bu müddətdə Sanço “qırmızı şeytanlar”ın heyətində 82 oyun keçirib, 12 qol vurub, 6 məhsuldar ötürmə verib. Cari mövsümdə Sanço mankunianların heyətində cəmi 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Ceydon ötən mövsüm “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu (2023) qazanıb.
Sanço 2017-2021-ci illər aralığında formasını geyindiyi “Borussiya”da 137 oyun keçirib, 50 qol vurub, 64 məhsuldar ötürmə ilə yadda qalıb. O, vaxtilə yetirməsi olduğu “Mançester Siti”nin də uğurları üçün çalışıb.
Vinger 2018-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı Ceydon Sançonu 25 milyon avro məbləğində qiymətləndirir.





