Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 20-ci turu çərçivəsində baş tutan “Sakaryaspor”la oyunun iştirakçısı olub.
“Ümraniyəspor” doğma meydanda baş tutan bu oyundan xal itkisi ilə ayrılıb – 1:1. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki altıncı heç-heçəsidir. Sözügedən komanda qalan oyunlardan 6 qələbə, 8 məğlubiyyətlə ayrılıb.
Coşqun bu oyuna start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib. 25-ci dəqiqədə hesabı açan “Ümraniyəspor” qələbəni məhz Diniyev əvəzlənəndən sonra, 89-cu dəqiqədə əldən verib.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 20 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
20 turdan sonra “Ümraniyəspor” 24 xalla 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.


