Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 19-cu turu çərçivəsində baş tutan “Göztəpə” ilə oyunun iştirakçısı olub.
“Ümraniyəspor” səfərdə baş tutan bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 1:4. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki səkkizinci məğlubiyyətidir. Sözügedən komanda qalan oyunlardan 6 qələbə, 5 heç-heçə ilə ayrılıb.
Coşqun bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. O, 64-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 19 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
19 turdan sonra “Ümraniyəspor” 23 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.


