Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası Türkiyə Kubokunun 1/16 final mərhələsi çərçivəsində Super Liqa təmsilçisi “Qalatasaray”la qarşılaşıb.
TFF Birinci Liqa təmsilçisi bu rəqibinə 1:4 hesabıyla məğlub olaraq Türkiyə Kubokunda mübarizəni dayandırıb. Qarşılaşmanın 23-cü dəqiqəsində qonaqlar hesabı açıblar. Amma qalan dəqiqələrdə 4 qol vuran sonuncu Türkiyə çempionu darmadağınla 1/8 finala yüksəlib.
Diniyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 19 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.


