Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 17-ci turu çərçivəsində “Girəsunspor”la qarşılaşıb.
“Ümraniyəspor” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:1. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki altıncı qələbəsidir. Dörd heç-heçəsi və 7 məğlubiyyəti olan komanda ili qələbə ilə başa vurmağı bacarıb.
Diniyev 2023-cü ilin son oyununun iştirakçısı olmayıb. Sarı vərəqə limitini doldurduğu üçün cəzalı olan azərbaycanlı futbolçunun adı bu oyunun iştirak ərizəsinə daxil edilməyib.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la bu ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 17 oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.
17 turdan sonra “Ümraniyəspor” 22 xalla 18 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.


