Davide Frattezi rəsmən “İnter”də

Futbol üzrə İtaliya milli komandasının yarımmüdafiəçisi Davide Frattezi “Sassuolo”nu A Seriyasının nəhəngi “İnter”ə dəyişib.

Arena.az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.

“İnter” 23 yaşlı futbolçunu satınalma şərti ilə növbəti mövsümün sonuna kimi icarəyə götürüb. Frattezinin 1 illik icarəsi üçün “Sassuolo”ya 6 milyon avro ödəniləcək. Mövsümün sonunda isə “İnter” daha 25 milyon avro ödəməklə futbolçunun transfer hüquqlarını alacaq.

Davide Frattezi “Roma”nın yetirməsidir. Yeri gəlmişkən, onun elə yetirməsi olduğu kluba da keçidi gündəmdə idi. Lakin göründüyü kimi, “İnter” daha ciddi təkliflə paytaxt klubunu qabaqlamağı bacarıb. Yarımmüdafiəçi “Sassuolo”ya 2017-ci ilin yayında məhz “Roma”dan 5 milyon avro qarşılığında keçmişdi. O, bu komandanın heyətində 76 oyuna çıxıb, 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu icarə əsasında “Empoli”, “Montsa” kimi klubların da formasını geyinib. Yarımmüdafiəçi ötən il debüt etdiyi İtaliya yığmasında da 5 oyun keçirib.

Yeri gəlmişkən, “Sassuolo” təcrübəli yarımmüdafiəçisi Françesko Manyanelli ilə də yollarını ayırıb. 38 yaşlı futbolçu karyerasını bitirməyə qərar verib. İtaliyalı dayaq yarımmüdafiəçisi 2005-ci ildən formasını geyindiyi bu komandada 510 oyuna çıxıb, 9 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Qubbio”, “Sanyovanneze” və “Verona” kimi klublarda da forma geyinib.

“Sassuolo” digər təcrübəli qapıçısı Canluka Peqolo ilə də yeni müqavilə bağlayıb. 42 yaşlı qolkiper daha bir il bu komandada qalacaq. İtaliyalı futbolçu 2013-cü ildən “Sassuolo”dadır. Daha çox ehtiyat qapıçı funksiyasını yerinə yetirən təcrübəli qolkiper burada cəmi 60 oyun keçirib. O, “Verona”, “Siena”, “Fiorenzuola”, “Manotva” və “Parma” klublarında da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: