“Napoli”nin prezidenti Aurelio De Laurentis futbolçuların milli yığma komandaların oyunları zamanı aldığı zədələrdən danışıb.
Arena.az “Sport Mediaset” dərgisinə istinadən De Laurentisin bu barədə fikirlərini təqdim edir:
“Məncə, 32 yaşlılar yığma komandada oynamamalıdır – elə 28 yaşlılar da! Çağırılmış futbolçunu yığmaya göndərib-göndərməmək klubun ixtiyarında qalmalıdır. Məsələn, yoldaşlıq görüşüdürsə, imtina etmək imkanı olmalıdır.
Bir oyunçu üçün 50 milyon avro ödəmişəmsə və o, yenidən zədələnsə, o zaman milli onun oyundan kənar qalacağı bütün müddət ərzində kluba hər günün xərcini ödəməlidir. Neymarı xatırlayın”, deyə De Laurentis braziliyalı superulduzun ağır zədəsini misal çəkib.
Xatırladaq ki, 2026-cı il dünya çempionatının seçmə mərhələsinin CONMEBOL zonasında keçirilmiş Uruqvay – Braziliya oyununda (2:0) Neymar çox ağır ikiqat zədə alaraq, meydanı göz yaşları içində tərk edib. Braziliyalı ulduzu çətin əməliyyat gözləyir. Futbolçu bütün cari mövsümü buraxmaq təhlükəsi ilə üz-üzədir.


