Dieqo Simeone: “İkinci qol bizi oyundan çıxardı”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone La Liqanın 29-cu turunda “Barselona”ya 0:3 hesablı ev məğlubiyyətini şərh edib.

Arena.az “Marca” nəşrinə istinadən, argentinalı mütəxəssisin oyun barədə fikirlərini təqdim edir:

“Onlar bizi üstələyirdilər, ilk qol vəziyyətlərində daha qətiyyətli davranırdılar. Bizdə Barrios qol vura bilərdi, sonra Morata hesabı 1:1 edə bilərdi. Bunlar vacib məqamlar idi. Buraxdığımız ikinci qol isə bizi oyundan çıxardı.

Biz çox güc itirdiyimiz oyundan sonra oynayırdıq. Futbolçularımı qınamağa heç bir əsasım yoxdur. Gəlin sakitləşək və dördüncü yer uğrunda mübarizə aparaq. Çətin olacaq. Komandalar güclənir və biz artırmalıyıq. Amma indi bəhanə gətirməyin vaxtı deyil”, deyə Dieqo Simeone vurğulayıb.

Vurğulayaq ki, qələbə sayəsində “Barselona” “Atletiko”nun doğma meydanda 25 oyundan ibarət ardıcıl məğlubiyyəsizlik silsiləsinə xitam verib.

İndi “Barselona” La Liqanın yarış cədvəlində 64 xalla 2-ci pillədə qərarlaşıb. “Atletiko” isə 55 xalla 5-ci pillədədir. La Liqaya 72 xalla “Real” başçılıq edir.