Madrid “Atletiko”sunun argentinalı baş məşqçisi Dieqo Simeone Səudiyyə Ərəbistanından olan klubların transfer siyasətindən danışıb.
Arena.az “Marca”ya istinadən Simeonenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Biz Andrea Berta (“Atletiko”nun idman direktoru) və Migel Anxel Xil (klubun baş direktoru) ilə nələrin baş verəcəyi və ya olmaya biləcəyi barədə danışmışıq. Mən nə etməli olduğumuzu dedim, baş verməli olan hər şey isə baş verəcək.
Səudiyyə Ərəbistanı ilə bağlı vəziyyət daha iki həftə davam edəcək. Ən böyük təhlükə Avropa bazarı deyil, yaxın iki həftə ərzində gələcək pullu insanlardır. Onlar çox təhlükəlidirlər”, deyə Simeone vurğulayıb.
Xatırladaq ki, cari yay transfer pəncərəsində bir sıra görkəmli avropalı və latınamerikan futbolçular Səudiyyə Ərəbistanı klublarına keçiblər. Avropada transfer pəncərəsi yaxın günlərdə qapanacaqsa, Səudiyyə Ərəbistanında alver bazarı hələ sentyabrın ortalarına qədər açıq olacaq. Bu müddət ərəblərə Avropa bazarını “talamağa” kifayət edir. Ərəb klubları Avropanın nəhəng klublarının heyətində daha bir neçə adlı-sanlı aparcı futbolçuları hədəfləyiblər.
Vurğulayaq ki, Dieqo Simeone transfer pəncərəsinin təqvimindən narazılığını ifadə etmiş ilk mütəxəssis deyil. Bir müddət əvvəl “Liverpul”un alman baş məşqçisi Yurgen Klopp bu məqamın Avropa futbolu üçün təhlükəli olduğunu dilə gətirərək, ali futbol qurumlarını vəziyyəti çözməyə səsləmişdi.


