Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 16-cı turunda “Sevilya” üzərində əzmkar ev qələbəsini şərh edib.
Arena.az xatırladır ki, oyunun gedişində 1:3 hesabı ilə geridə olan “döşəkçilər” geri-dönüş edərək hesabı bərəbərləşdirməyə, 90+4-cü dəqiqədə vurduqları qol sayəsində isə 4:3 hesablı qələbəni təmin etməyə müvəffəq olublar.
“İkinci hissədə onların üçüncü qolu bizi həqiqətən acıtdı, amma komanda oyuna qayıtmaq üçün səy göstərməyə davam etdi. Sonra ikinci qolumuz baş tutdu, əvəzetmələr bizə təkan verdi və biz hücuma davam etdik. Linonun qolu və Qrizmanın inanılmaz zərbəsi izləməyə dəyər triller yaşatdı”, – “Atletico Universe” dərgisi argentinalı mütəxəssisdən sitat gətirir.
Dieqo Simeone “döşəkçilər”in fransalı hücumçusu Antuan Qrizman haqqında da danışıb: “Sadəcə başqalarından fərqlənən oyunçular var və o, onlardan biridir. Biz onu çox sevirik, o, Madrid “Atletiko”su üçün hər zaman tamamilə hər şeyi vermiş birisidir”, deyə “El-Çolo” vurğulayıb.
16 turdan sonra 35 xal toplamış “Atletiko” La Liqanın yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. “Barselona” 17 oyundan 38 xalla şərti lider qismində zirvədə qərarlaşıb. 16 oyundan 36 xalla “Real” 2-ci pillədən mümkün liderliyə iddialıdır.


