Dieqo Valdes “Neftçi”yə lazım olmadı

“Neftçi”nin Paraqvaydan olan 30 yaşlı yarımmüdafiəçisi Dieqo Qabriel Valdes Samudio Azərbaycan klubundan ayrılaraq ölkəsinə qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, mərkəz yarımmüdafiəçisi ilə başa çatan müqavilə yenilənməyib. Klub 30 yaşlı yarımmüdafiəçiyə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, 2023-cü ilin avqustunda transfer olunmuş Valdes “Neftçi”nin heyətində 27 rəsmi oyun keçirib, 3 qol vurub. Həmin vaxt futbolçu ilə 1+1 illik müqavilə imzalanmışdı.

Dieqo Valdes Paraqvayın “San Lorenzo” (2016-2019), “Sol de Amerika” (2020-2021), “Quarani” (2022-2023), “Qvayrenya” (2023) və Meksikanın “Atletiko San Luis” (2019-2021) klublarında çıxış edib, Paraqvay milli komandasının heyətində 1 oyun keçirib.

Artıq onun yeni iş yeri də məlumdur. Təcrübəli oyunçu sabiq klubu “Sol de Amerika”ya qayıdıb.

Xatırladaq ki, “Neftçi” daha öncə Ömər Buludov, Rüfət Abbasov, Turan Vəlizadə, Eddi İsrafilov, Reziuan Mirzov, Aqil Məmmədov, Ataa Caber və İvan Brkiçlə də yollarını ayırmışdı. Əvəzində paytaxt klubu Edvin Kuç (“Ballkani”, Kosovo), Emil Səfərov (“Qəbələ”), Ramil Şeydayev (“Kocaelispor”, Türkiyə) və Robert Baueri (“Əl-Tai”, Səudiyyə Ərəbistanı) heyətinə qatıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: