Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 12-ci turu çərçivəsində baş tutan “Şanlıurfaspor”la oyunun iştirakçısı olub.
“Ümraniyəspor” səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Coşqun bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. O, 20-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la bu ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 12 oyuna çıxıb, 1 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.
12 turdan sonra “Ümraniyəspor” 12 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.


