Dmitri Nazarov Almaniyada özünə yeni klub tapdı

Ötən mövsüm başa çatan kimi “Ersgebirge”dən ayrılan Azərbaycan milli komandasının sabiq üzvü Dmitri Nazarov özünə yeni klub tapıb.

Arena.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bundan sonra Almaniyanın digər klubu “Kikkers” (Offenbax) komandasında oynayacaq.

Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.

“Ersgebirge” ilə müqaviləsinin müddəti bitən yarımmüdafiəçi yeni klubuna azad agent kimi keçib. O, “Kikkers”lə müqavilə bağladıqdan sonra Offenbax klubunun rəsmi saytına bunları söyləyib:

“Klub məni heyətində görmək istədi. “Kikkers”in planlarını bəyəndim. Bu üzdən də macəranın bir üzvü olmaq istədim. Əvvəllər də bu komanda haqda çox şey eşitmişdim. Bu komanda ilə birgə inkişaf etmək istəyirəm. Belə bir kluba gəldiyim üçün sevincliyəm. Artıq bundan sonra addım-addım hədəfimizə çatmaq üçün çalışmalıyıq”.

“Kikkers” Almaniyanın Cənub-Qərb Regional Liqasında mübarizə aparır. Komanda geridə qalan mövsümdə 34 oyuna 55 xal toplayıb və 18 iştirakçı arasında 7-ci olub.

Xatırladaq ki, Dmitri Nazarov 2016-cı ilin iyul ayından “Ersgebirge”də forma geyinirdi. O, bu müddət ərzində Aue təmsilçisində bütövlükdə 218 oyuna çıxıb. Millimizin keçmiş yarımmüdafiəçisi bu görüşlərdə 48 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu 2022/2023 mövsümündə 3-cü Bundesliqa çərçivəsində meydana çıxdığı 35 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib, 8 sarı vərəqə ilə cəzalanıb.

Nazarov daha öncə “Karlsrue” (83 oyun, 10 qol, 7 asist) və “Proyssen Münster”də (44 oyun, 9 qol, 7 asist) forma geyinib. O, “Kayzerslautern” və “Ayntraxt” (Frankfurt) klublarının ikinci komandalarının da uğurları üçün çalışıb.

Yarımmüdafiəçi Azərbaycan milli komandasında da 45 oyuna çıxıb və 7 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: